SƏNAYE

10 İyul

Bolqarıstan "Qazprom"a qarşı məhkəmə iddiası qaldırıb

Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz” Rusiyanın “Qazprom” şirkətinə qarşı arbitraj prosesinin başladığını elan edib. Şirkət 2022-ci ildə qaz tədarükünün dayandırılmasına görə dəymiş ziyana görə “Qazprom Eksport”a qarşı iddia qaldırıb. Bolqarıstan dövlət şirkəti itkilərin məbləğini 400 milyon avro qiymətləndirir.

Fins.az “Bulgargaz”ın mətbuat xidmətindən verilən məlumata əsasən, xəbər verir ki, iyulun 8-də Parisdəki Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim edilib. Bolqarıstan hökumətinin energetika naziri Vladimir Malinov may ayında dövlət şirkətinin “Qazprom”a qarşı iddia qaldırmaq niyyətindən danışıb.

2022-ci ilin martında Rusiya prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrə ixracının yalnız rublla ödənilməsi barədə fərman imzalayıb. Bolqarıstan hökuməti rubla keçməkdən imtina edib. Bundan sonra, elə həmin ilin aprelində “Qazprom” ölkəyə qaz nəqlini dayandırıb. Bundan əvvəl Bolqarıstan qazının demək olar ki, hamısını Rusiyadan idxal edirdi.

2024-cü ilin iyununda “Qazprom” Stokholm Arbitraj Məhkəməsində Almaniyanın “Uniper” qaz idxalçısına uduzub. Alman şirkəti təhvil verilməmiş qaz həcmlərinə görə öz xeyrinə 13 milyard avrodan çox ödəniş əldə edib. Bundan az sonra Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi “Qazprom”un Fransanın Engie S.A və Çexiyanın innogy Energie şirkətlərinə qarşı iddialarını təmin edib və hər iki şirkətə Beynəlxalq Arbitraj Məhkəməsində “Qazprom Export”la işləməyi qadağan edib.

“Qazprom”un törəmə şirkəti də bir sıra digər xarici şirkətlərlə bağlı oxşar qərarlar əldə edib. Avropa İttifaqı Rusiya hüquqi şəxslərinə hüquqi xidmət göstərilməsini qadağan edib. “Qazprom” hesab edir ki, bu, onu beynəlxalq qurumlarda mübahisənin ədalətli həlli şansından məhrum edir.