“Alternativ enerji sahəsində ixracatçı ölkəyə çevrilməyə tam hazır olan Azərbaycanın enerji siyasətinin prioriteti yaşıl enerjinin istehsalı və onun dünya bazarına çıxarılmasıdır”.
Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Sudanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Əbdül Halim Mahmud deyib.
Diplomatın sözlərinə görə, Azərbaycan Prezidenti və hökumətinin bu məsələyə, xüsusən də qısamüddətli perspektivə gözəl baxışı var: “Buna görə də bir çox ölkələr Azərbaycanın uğurlarına heyran olub və COP29-a ev sahibliyi etməkdə ölkəni dəstəkləyiblər. İnanıram ki, Azərbaycanda keçiriləcək COP29 tədbiri iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həllində səmərəli olacaq”, - o qeyd edib.
M.Ə.Halim Mahmud işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun böyük bərpaolunan enerji potensialına malik olduğunu, Naxçıvan Muxtar Respublikasının da yaşıl enerji zonası elan edildiyini xüsusi vurğulayaraq, bu ərazilərin bərpası prosesində “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqini yüksək qiymətləndirib. Sudanlı diplomat bu layihələrin ətraf mühitin mühafizəsində böyük rola malik olduğunu vurğulayıb.