SƏNAYE

13 May

Bәrpa olunan enerji mәnbәlәrindә rekord artım

Bərpa olunan enerji mənbələrinin qlobal elektrik enerjisi istehsalındakı payı ilk dəfə 2023-cü ildə 30 faizi ötüb.

Fins.az xəbər verir ki, Türkiyə elektrik enerjisinin 42 faizini bu mənbələr hesabına ödəyərək dünya ortalamasını üstələyib. Beynəlxalq təşkilatların hesabatlarına görə, 2023-cü ildə dünyada elektrik enerjisinə tələbat rekord həddə - yəni 29,5 teravatt saata çatıb. Ümumi elektrik tələbatı, xüsusilə inkişaf etmiş ölkələrdə istehlakın azalmasına baxmayaraq keçən il 2,2 faiz artım nümayiş etdirib. Elektrik enerjisinə tələbatı ödəmək üçün istehsalda ən sürətlə artan mənbələr bərpa olunan enerji mənbələridir. Bu baxımdan günəş və külək enerjiləri ön plana çıxır. 2023-cü ildə dünya üzrə elektrik enerjisi istehsalının 7,8 faizi külək enerjisi, 5,5 faizi isə günəş enerjisi hesabına təmin edilib.  Günəş enerjisindən istifadə 23,2 faiz artıb. Beləliklə, elektrik enerjisi istehsalında  ən çox artım olan mənbənin günəş enerjisi olduğu bildirilir.

Günəş enerjisi sərmayələri 19 il ərzində qlobal miqyasda sürətlə böyüyən elektrik mənbəyi olmuşdur. Külək enerjisindən elektrik istehsalı da 2022-ci illə müqayisədə 9,8 faiz artıb.

İqlim dəyişikliyi qlobal elektrik enerjisi istehsalına da birbaşa təsir göstərib. Su elektrik stansiyalarının ümumi elektrik enerjisi istehsalındakı payı keçən illə müqayisədə 2 faiz azalaraq 14,3 faiz təşkil edib. Beləliklə, dünya elektrik enerjisi istehsalında bərpa olunan enerjinin ümumi payı ilk dəfə olaraq 30 faizi ötüb. Bərpa olunan mənbələrdən istifadə rekord səviyyədə artdıqca, karbon emissiyalarında da rekord azalma müşahidə olunub. Ümumi elektrik enerjisi istehsalında karbon qazının intensivliyi keçən il rekord həddə düşüb. 

Ötən il ümumi elektrik enerjisi istehsalında kömür və təbii qazın payı müvafiq olaraq 35,4 faiz və 22,5 faiz təşkil edib. 2023-cü ildə kömürdən elektrik enerjisi istehsalı 1,4 faiz, qazdan istehsal isə 0,8 faiz artıb. Nüvə enerjisindən elektrik enerjisi istehsalı 2023-cü ildə 1,8 faizə çatıb. Bu mənbə ümumi istehsalda 9,1 faiz paya malikdir. Türkiyədə günəş və külək enerjisindən elektrik enerjisi istehsalında qlobal məlumatlardan belə yüksək artım müşahidə olunub. Türkiyə elektrik enerjisinin 42 faizini bu mənbələr hesabına ödəyərək dünya ortalamasını üstələyib. Türkiyənin elektrik enerjisi istehsalının 6 faizi günəş, 10 faizi isə külək enerjisindən əldə edilir. Hidroelektrik isə 20 faizlik payı ilə ən böyük bərpa olunan elektrik enerjisi mənbəyi olmağa davam edir. Ötən il Türkiyədə elektrik enerjisinin 58 faizi qalıq yanacaqlardan istehsal edilib.