İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, respublikada 2024-cü ilin I rübündə sənaye zonalarında 640,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, bunun da 223,6 milyon manatı ixracın payına düşüb.
Fins.az xəbər verir ki, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.
2015-ci ildən 2024-cü ilin I rübünün sonunadək sənaye zonalarında 12,74 milyard manat dəyərində məhsul satılıb ki, bunun da 4,1 milyard manatlıq hissəsi ixraca yönəldilib.
Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib. Sənaye zonalarına sahibkarların cəlb olunması, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılıb.
Qeyd edək ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 min 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.