SƏNAYE

08 May

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 15,4 faiz azalaraq 3,9 milyon ton təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin birinci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında bildirilib.

Bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 2,3 faiz artaraq 6 milyard 479 min 755 kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 4 milyard 930 min 836 kubmetr təşkil edib. Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb.

Hesabat dövründə SOCAR tərəfindən 1,7 milyon tona yaxın neft, 923,7 milyon kubmetr qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz artıb.