SƏNAYE

30 Aprel

Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb

Azərbaycanda ilk dəfə olaraq Elm və Təhsil Nazirliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında (YTP) saç boyalarının istehsalına başlanılıb.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına YTP-nin rezidenti, Azərbaycanda saç boyası istehsal edən ilk şirkət olan “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduzə Xanlarova deyib.

Onun sözlərinə görə, hazırda məhsullar “Miss sea” adı altında test rejimində istehsal edilir. Yaxın iki ay ərzində “Lady star” adı altında da məhsul istehsalına başlanılması nəzərdə tutulur.

Boyaların əsas xammalı İtaliyadan idxal edilir, məhsulun qablaşdırılması üçün tələb olunan xammal isə yerli istehsaldır. Hələlik məhsullar tam olaraq qablaşdırılmadığından bazara çıxarılmayıb.

Saç boyalarının MDB dövlətləri, Hindistan və ərəb ölkələrinə də ixrac ediləcəyi gözlənilir. Məhsulun qablaşdırılması prosesi həyata keçirildikdən sonra ixrac ölkələrinə nümunələr göndəriləcək.

Şirkətin əsas hədəfi ay ərzində 1 milyon ədəd saç boyası istehsal etməkdir. U.Xanlarova bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında sifarişləri müəyyən edildikdən sonra istehsal həcmini daha dəqiq müəyyən edə biləcəklər. Şirkət sonrakı mərhələdə saç və üzə qulluq vasitələri (şampunlar, balzamlar, üz kremləri, sabunlar və s.) də istehsal etməyi nəzərdə tutur.