SƏNAYE

13 Mart

“Saudi Aramco”-nun xalis mənfəəti 121.3 milyard dollar təşkil edib

“Saudi Aramco”-nun açıqlamasına əsasən, 2023-cü ildə şirkətin xalis mənfəəti 121.3 milyard dollar təşkil edib. Bu göstərici, rekord olan, ötən ilin 161.1 milyard dollarlıq nəticəsi ilə müqayisədə mənfəətin 24.7% azaldığını göstərir.

Fins.az xəbər verir ki, şirkətin sərbəst vəsait axını 2022-ci illə müqayisədə 31.9% azalaraq 101.2 milyard dollar təşkil edib. Eyni zamanda, 2023-cü ildə kapital investisiyaları bir il əvvəlki 38.8 milyard dollar ilə müqayisədə 49.7 milyard dollar təşkil edib.

"2023-cü ildə biz indiyə qədər ən yüksək ikinci xalis gəlirimizə nail olduq. Dayanıqlığımız və çevikliyimiz çətin iqtisadi şəraitə baxmayaraq sabit pul vəsaitlərinin hərəkətinə və güclü gəlirliliyə töhfə verdi. Biz həmçinin 2023-cü ildə öncəki ilin eyni dövrü ilə müqayisədə ödənilən dividendlərin ümumi məbləğini 30% artıraraq, səhmdarlarımız üçün uğur qazanmışıq, - deyə şirkətin rəhbəri Amin Nasser bildirib.

2023-cü ildə Səudiyyə Ərəbistanı Rusiya və bir sıra digər “OPEC+” üzvləri ilə birlikdə neft hasilatının könüllü azaldılmasında iştirak etməyə başladı. Belə ki, ötən ilin may ayından ölkə hasilatı sutkada 500 min barrel azaldır - bu tədbirlər 2024-cü ilin sonuna qədər qüvvədə qalacaq. İyun ayından bu ilin ikinci rübünün sonuna qədər hasilatın əlavə olaraq gündəlik 1 milyon barrel azaldımasına Səudiyyə Ərəbistanı razılıq verib.

Qeyd etmək lazımdır ki, “Saudi Aramco” 1933-cü ildə qurulan Səudiyyə Ərəbistanının dövlət neft və qaz şirkətidir. Şirkət üç əsas qlobal enerji bazarında - Asiya, Avropa və Şimali Amerikada təmsil olunur.