SƏNAYE

13 Fevral

Yanvar ayı ərzində 2,5 milyon ton neft hasil edilib

Bu ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.

SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.

Ay ərzində 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,8 milyon tonu konsorsiumun, 0,3 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2024-cü il tarixinədək 631 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 586 milyon ton neft, “Şahdəniz”dən isə 45 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 fevral 2024-cü il tarixinədək 629 milyon tonu ixraca nəql edilib.

Neftin emalı 2024-cü ilin yanvar ayında 481 min tona yaxın təşkil edib.