2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 74 min metrə yaxın qazma işləri həyata keçirilib.
Fins.az xəbər verir ki, bu da 2022-ci illə müqayisədə 1,2 faiz çoxdur. Bu barədə SOCAR-ın 2023-cü ilin yekunları ilə bağlı hesabatında məlumat verilib.
Bildirilib ki, ötən il şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,7 milyon ton neft və 8,4 milyard kubmetr qaz hasil olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı nisbətən sabit qalsa da, qaz istehsalında 4 faiz artım qeydə alınıb.
Bütövlükdə isə, 2023-cü ildə ölkə üzrə qaz hasilatında artım tendensiyası davam edib. Belə ki, “mavi yanacaq” hasilatı əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,3 faiz artaraq, 48,3 milyard kubmetr təşkil edib. Bununla yanaşı, il ərzində Azərbaycanda 30,1 milyon tondan çox xam neft hasil olunub.