SƏNAYE

06 Fevral

Naxçıvandakı qızıl yatağında 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur - Zakir İbrahimov

“AzerGold” QSC-nin fəaliyyətinin ən vacib istiqamətlərindən biri də geoloji kəşfiyyat və tədqiqat işləridir. 2023-2024-cü illər üzrə hazırladığımız yeni geoloji kəşfiyyat strategiyasına uyğun olaraq Səhmdar Cəmiyyət tərəfindən hesabat ilində Daşkəsən, Göygöl, Balakən, Kəlbəcər, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən sahələrdə aktiv geofiziki və geoloji tədqiqat işləri davam etdirilib.

Fins.az-ın məlumatına görə, bu barədə açıqlama verən “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov ötən il həyata keçirdikləri geoloji tədqiqatların bəzi nəticələri barədə məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Göydağ” sahəsinin “Ortakənd” qızıl yatağında ilkin nəticələr olduqca müsbətdir:

“Burada əldə olunan kəşfiyyat nəticələri əsasında beynəlxalq nüfuzlu “MICON INTERNATIONAL” məsləhətçi şirkətinin ilkin hesablamalarına görə, yataqda 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur. Növbəti mərhələdə yataq üzrə ehtiyatların satılabilən, yəni iqtisadi səmərə ilə hasil ediləbilən miqdarı müəyyənləşdiriləcək. Tədqiqatların yekun nəticəsi müsbət olarsa, yaxın gələcəkdə yataqda açıq üsulla hasilat prosesinin aparılması nəzərdə tutulub. “Göydağ” sahəsində yerləşən digər yataq - “Göydağ” mis-porfir yatağında da ehtiyatların qiymətləndirilməsi üçün aparılan araşdırmaların ilkin nəticələri müsbətdir. Tədqiqatlar davam etdirilir.

Balakən rayonunda yerləşən və Səhmdar Cəmiyyətin ən irihəcmli, geoloji strukturuna görə ən mürəkkəb layihələrindən biri olan “Filizçay” polimetal yatağı ilə bağlı metallurji tədqiqatlar davam etdirilib. “Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq hesablanıb. Hesablamanın nəticəsi olaraq, 1983-cü ildə SSRİ dövründə dövlət balansına daxil edilmiş nəticələrlə müqayisədə 20% artım qeydə alınıb. Nəticədə “Filizçay” üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib.

Bununla geoloji tədqiqatlar yekunlaşdırılıb. Qeyd edim ki, “Filizçay” öz xüsusiyyətlərinə görə unikaldır və optimal və kompleks metodoloji yanaşma tələb edir.  Hazırda yataqda mövcud olan sink, qurğuşun, mis, gümüş kimi əlvan metalların bir-birindən ayrılması və iqtisadi cəhətdən ən səmərəli formada, maksimal çıxım faizi ilə emal edilməsi imkanları araşdırılır. Proses yerli və xarici metallurqlarla birgə davam etdirilir”.

Z.İbrahimov onu da qeyd edib ki, Prezident İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC-yə dövlət sifarişi əsasında 2023-2024-cü illər ərzində ölkədə ümumi geoloji axtarış işlərinin bir hissəsinin icra edilməsi tapşırılıb və bu məqsədlə biz Daşkəsən, Göygöl, Goranboy, Kəlbəcər və Laçın rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasında geoloji tədqiqat sahələrimizi genişləndirmişik:

“Bu xüsusda qısa zamanda daha böyük ərazilərdə ilkin tədqiqat nəticələri əldə etmək üçün innovativ texnologiyaların geniş tətbiqinə başlayırıq. Bu da növbəti mərhələlərdə daha çox vəsait tələb edən buruqqazma işlərinin coğrafiyasını kiçildir. Belə ki, 2024-cü ildə tədqiqat işlərində qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri, eləcə də helikopter və dronlar vasitəsilə aeroelektromaqnetik tədqiqatlar aparılacaq. Bu tədqiqat metodları yer səthində axtarış-qiymətləndirmə işlərinin növbəti mərhələsi üzrə (buruqqazma, laborator analiz) perspektivli tədqiqat sahələrinin daha qısa zamanda müəyyənləşdirilməsinə imkan verəcək”.

Fuad Mədətov
Fins.az