Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 640 251,9 min manat təşkil edib, bu da illik müqayisədə 12,3% artım deməkdir.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 569 903,6 min manat səviyyəsində olub.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 520,3 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 7% çoxdur.
Qaz nəqlinin 47,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 5 511,4 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,7 %-lik artım).
Qeyd olunan boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Xatırladaq ki, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 328 243,1 min manat təşkil edib, bu da illik müqayisədə 25,7% artım deməkdir.
Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur. 2022-ci ildə qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım).