Elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesi üç mərhələdən ibarət olacaq.
Fins.Az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində 42-ci maddədə - keçid müddəalarında əksini tapıb.
Layihəyə əsasən, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olmaqla, aşağıdakı müddətlərdə həyata keçirilməsi nəzərdə tutulur:
- birinci mərhələ bu Qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək;
- ikinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək;
- üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq.
Hər bir mərhələdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Birinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;
- Qanunda göstərilən müddətlər nəzərə alınmaqla elektroenergetika subyektləri tərəfindən "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazələrin alınması;
- ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin İxtisaslaşmış bölməsi tərəfindən elektrik optimallaşdırılmasının tətbiqi; enerjisi istehsalının iqtisadi optimallaşmasının tətbiqi;
- elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin maliyyə və funksional nöqteyi-nəzərindən ayrılması;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin topdan və pərakəndə satış qiymətlərinin (tariflərinin) (ikitərəfli müqavilələrlə satılan elektrik enerjisinin qiyməti istisna olmaqla), habelə ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətlərinin tənzimlənməsi;
- ikinci mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbul edilməsi, eləcə də ikinci mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi.
- nəzərdə tutulmuş icazələr alınanadək elektroenergetika subyektlərinin fəaliyyəti onlar tərəfindən bu qanunun qüvvəyə mindiyi tarixədək verilmiş və qüvvədə olan icazələr əsasında həyata keçiriləcək.
İkinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazan qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ikinci mərhələdə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi, üçüncü mərhələdə isə müstəqil bazar operatorunun yaradılması;
- bazar operatoru tərəfindən bütün istehsalçılardan ("Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması;
-. bazar operatoru tərəfindən elektrik enerjisinin bütün təchizatçılara satılması;
- elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;
- elektrik şəbəkəsinə dair qaydalara və ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydalarına uyğun olaraq, ötürücü və paylayıcı sistem operatorları tərəfindən elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyətlərinin həyata keçirilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunda nəzərdə tutulan qiymət və tariflərin tənzimlənməsi (elektrik enerjisinin ötürülməsi, paylanması, tarifləri, bazar operatorunun xidmətlərinin tarifləri, ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri, sərbəst olmayan istehlakçılara, habelə sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri);
- üçüncü mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbulu, eləcə də üçüncü mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin təsdiq edilməsi.
Birinci və ikinci mərhələdə tənzimləyicinin bu qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu qanunda nəzərdə tutulan tənzimləmə haqqının məbləği və ödənilmə qaydası (elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru və paylayıcı sistem operatoru, habelə təchizatçılar tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödənilməlidir) birinci və ikinci mərhələ üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
İkinci mərhələdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə elektrik enerjisinin topdansatış bazarında balanslaşdırıcı bazarın və köməkçi xidmətlər bazarının ayrı-ayrı elementləri tətbiq edilə bilər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.