SƏNAYE

19 Dekabr

“SOCAR Methanol”121 milyon  dollarlıq metanol ixrac edib

“SOCAR Methanol” MMC 2022-ci ilin yanvar-noyabr aylarında 489,5 min ton metanol ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 43,3% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dekabrın 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 45,5 min ton hazır məhsul var.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 11 ay ərzində “SOCAR Methanol” $120 milyon 725,96 min dəyərində 448 min 299,83 ton metanol ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,33%, qeyri-neft məhsullarının ixrac həcmində 4,49% təşkil edib.

“SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar 2021-ci ilin yanvar ayından aprel ayınadək metanol istehsalı və ixracı həyata keçirilməyib. Müəssisə 2021-ci ilin may ayında fəaliyyətini bərpa edib. DGK 2021-ci ilin may-noyabr ayları üzrə ixrac məlumatlarını dərc etməyib.

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.

SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib.*