SƏNAYE

19 Dekabr

Əl-Faleh: “Səudiyyə Ərəbistanı Azərbaycanda elektrik enerjisi istehsalı ilə bağlı yeni layihələrdə iştirakda maraqlıdır”

Səudiyyə Ərəbistanı Azərbaycanda Avropaya ixrac olunacaq elektrik enerjisi istehsalı ilə bağlı layihələrdə iştirakda maraqlıdır. Bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh deyib.

“Biz Azərbaycanın Avropaya elektrik enerjisi ixracı prosesində iştirak etmək istəyirik. Bizim “Acwa Power” şirkəti Azərbaycanda 240 meqavatlıq külək elektrik stansiyasının tikintisi layihəsində iştirak edir (şirkət bu layihəyə $300 milyon məbləğində vəsait qoyacaq). Lakin biz ölkədə daha böyük enerji layihələri həyata keçirə bilərik”, - deyə o, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 7-ci iclasında bildirib.

Xəbər verildiyi kimi, “ACWA Power”, həmçinin Azərbaycanda 500 MVt gücündə dənizdə külək elektrik stansiyasının tikintisi ilə maraqlanır.

Daha əvvəl Azərbaycan hökuməti elektrik enerjisinə daxili tələbatı ödəmək və Avropaya ixrac etmək üçün bərpa olunan enerji mənbələri sahəsində - günəş, külək elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi ilə bağlı iddialı planların olduğunu açıqlamışdı