Bu ilin sonu-gələn ilin əvvəlində "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun dərin laylarında yerləşən qazla bağlı əlavə məlumatın əldə olunması məqsədilə layihənin operatoru olan Britaniyanın BP şirkəti ilk məlumat quyusunun qazılmasına başlamağı planlaşdırır.
Bu barədə sualına cavab olaraq, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
O qeyd edib ki, hazırda AÇG-nin istismarda olan neft laylarının altında dərin laylarda qaz var və onunla bağlı məlumatlar, həcmlər qiymətləndirilməlidir. Bu, gələcəkdə yataqda dərin laylarda yerləşən "mavi yanacağ"ı necə və hansı konsepsiyaya uyğun olaraq istismar olunacağı ilə bağlı təsəvvürün yaranması üçün lazımdır.
“Bunun üçün bir quyunun qazılmasını planlaşdırırıq və bu quyu yataqda mövcud olan “Çıraq” platformasında qazılacaq”, - Qəri Counz vurğulayıb.
Onun sözlərinə görə, quyunun qazılması nəticəsində əldə olunan məlumatlar qiymətləndirilib təhlil ediləcək, bunun nəticəsində əlavə quyuların qazılmasına ehtiyac olub-olmadığı müəyyən ediləcək: “Lazım gələrsə, başqa platformalarda da quyular qazılacaq. Qazaq görək ki, nəticə nədir? Onu təhlil edək, bilək ki, gələcək addımımız nədən ibarət olacaq?”.
Qəri Counz onu da əlavə edib ki, quyunun qazılmasına bu il və ya gələn ilin əvvəli başlanılacaq. Hazırda bunun üçün hazırlıq işləri aparılır.
Xatırladaq ki, ilkin olaraq AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. Həmin vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%.