SƏNAYE

14 Noyabr

“AzerGold” -un xalis mənfəəti 1,5 milyon dollardan çox azalıb 

“AzerGold” QSC bu ilin I yarısını 11,216 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti ötən ilin eyni dövründən 12,746 milyon dollar mənfəətlə çıxmışdı ki, 1,53 milyon dollar və ya 12% azdır.

Yanvar-iyun aylarında “AzerGold”un satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 48,102 milyon dollar (ötən ilin eyni dövrünə nisbətən 1,3% çox), satışlarının maya dəyəri (əsas əməliyyat xərcləri) 26,789 milyon dollar (11,7% az), ümumi və inzibati xərcləri 7,559 milyon dollar (94,4% çox), digər əməliyyat xərcləri 66 min dollar (2,7 dəfə az), digər gəlirləri 1,077 milyon dollar (12,8 dəfə çox), faiz xərcləri 400 min dollar (dəyişməyib), mənfəət vergisi ödəmələri isə 3,148 milyon dollar (1 il bundan əvvəl olmayıb) təşkil edib.

Bu il iyulun 1-nə “AzerGold”un aktivləri 289,818 milyon dollar olub ki, bu da illik müqayisədə 85,2 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 23,1 % artaraq 45,265 milyon dollara, balans kapitalı isə 2 dəfə artaraq 244,553 milyon dollara çatıb.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 36,471 milyon dollardır.

Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

(c)report