Azərbaycanda qazpaylayıcı ilə istehlakçının münasibətlərinin tənzimlənməsinə dair uyğunlaşdırma aparılıb.
Fins.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bununla bağlı “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli Qərarına dəyişiklik edilib.
Bildirilir ki, qərar “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2022-ci il 25 fevral tarixli Qanunla edilmiş dəyişikliklərlə əsasən, istehlakçılar qaz paylayıcısı tərəfindən ildə bir dəfə (hər il noyabrın 1-dək) istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə müayinə keçirilməsinə imkan yaratmalıdırlar.
Eyni zamanda, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
Yuxarıda göstərilənlərə əsasən, müvafiq qərarın “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununa uyğunlaşdırılması təmin edilib.