“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın yenilənmiş tərkibdə 2-ci iclası keçirilib.
"Fins.az" xəbər verir ki, komissiyanın sədri, energetika naziri Pərviz Şahbazov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının investisiya cəlbediciliyi yüksək səviyyədədir və bu sayədə “yaşıl enerji” layihələri xarici sərmayələr hesabına reallaşdırılır. İclasın gündəliyində duran məsələlər haqqında danışan nazir ötən dövr ərzində Komissiya tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Komissiyanın əvvəlki iclasından ötən dövr ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib. Komissiyada təmsil olunan qurumların səlahiyyətli əməkdaşlarından ibarət İşçi Qrupunun fəaliyyəti, günəş, külək, o cümlədən dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulan sahələrin müəyyənləşdirilməsi, minatəmizləmə işləri, layihələrin şəbəkəyə inteqrasiyası prosesi, tikintiyə icazə sənədlərinin verilməsi prosedurları haqqında məlumat verilib.
Daha sonra “Masdar” şirkətinin nümayəndələrinin reallaşdırılmaqda olan “Qaradağ” GES və gələcəkdə icrası nəzərdə tutulan böyük həcmli layihələr, “ACWA Power” şirkətinin nümayəndələrinin “Xızı-Abşeron” KES, bp şirkətinin nümayəndələrinin isə “Şəfəq” GES layihəsinin icra vəziyyəti barədə təqdimatları dinlənilib. “Fortescue Future Industries” şirkəti tərəfindən “yaşıl hidrogen” istehsalı və ixracı üzrə təkliflər barədə təqdimat nümayiş etdirilib.
Sonda iclasın yekunlarına dair qərar layihəsi müzakirə edilib, rəy və təkliflər nəzərə alınaraq imzalanıb.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Müdafiə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Minatəmizləmə Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC-nin, eləcə də Bakı şəhəri Qaradağ rayonu, Qax, Neftçala, Qobustan və Abşeron rayonları icra hakimiyyətlərinin nümayəndələri, “Masdar”, “ACWA Power”, “bp” və “Fortescue Future Industries” şirkətlərinin təmsilçiləri iştirak edib.