SƏNAYE

03 Noyabr

İşğaldan azad edilmiş ərazilərin 10 min MVt bərpa olunan enerji potensialı var

İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min MVt-a (meqavat) yaxındır.

Bunu “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 MVt olan külək, günəş və su elektrik stansiyalarının inşası nəzərdə tutulur.

“Bu istiqamətdə, hazırda BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır. Həmçinin, xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə həyata keçirəcəyimiz günəş və külək enerjisi layihələrinin bir qismi məhz bu əraziləri əhatə edir. Bərpa olunan enerji növlərinin azad edilmiş ərazilərdə də xarici investisiya hesabına inkişafı realdır”, - nazir qeyd edib.