Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
"Fins.az" xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 4 ay əvvəl təməli qoyulan yarımstansiyada böyük həcmdə torpaq, tikinti - quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib.
“Cəbrayıl” Qovşaq Yarımstansiyasının əhəmiyyəti barədə məlumat verən Baba Rzayev deyib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq. O cümlədən İranla müştərək tikilən “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarında, həmçinin alternativ və bərpa olunan enerji mənbələrində və kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir.
Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq layihənin reallaşdırılması üzrə 3 mərhələdən ibarət planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddətini keçən və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyalarının genişləndirilərək tam yenidən qurulması və “Ağcabədi” yarımstansiyasından 132 kilometr, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksəkgərginlikli elektrik verilişi xəttinin çəkilməsi nəzərdə tutulub. Artıq “Ağcabədi” yarımstansiyasından Cəbrayıla 330 kilovoltluq xəttin çəkilməsinə başlanılıb.
Eyni zamanda, Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyasında işlərin böyük hissəsi görülüb.
İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” Qovşaq Yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikaya 255 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək və 330 kilovoltluq “Naxçıvan” yarımstansiyası tikiləcək.
Üçüncü mərhələdə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün muxtar respublikanın qardaş ölkəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün əlavə Avropa enerji standartlarına uyğun 400 kilovoltluq çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək. Bununla da, böyük strateji əhəmiyyətə malik layihə reallaşdırılacaq.
Tədbirdə Azərbaycan enerji sisteminin ixrac və tranzit perspektivləri haqqında təqdimat nümayiş olunub. Bildirilib ki, Prezident İlham Əliyevin 2022–ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkənin elektrik enerjisi üzrə ixrac potensialının 1000 meqavatdan 5000 meqavata çatdırılması barədə tapşırığına uyğun olaraq, “Azərenerji” tərəfindən müvafiq araşdırmalar aparılıb, ilkin razılaşmalar əldə edilib.