“Son günlər “OPEC plus”un noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barrel azaldılmasına dair qəbul etdiyi qərarının neft bazarında defisitə yol açacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, “OPEC plus” hər zaman olduğu kimi bu dəfə də neft bazarında sabitliyə dəstək məqsədilə belə bir qərar qəbul edib.”
"Fins.az" xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələrinin 5 oktyabr 2022-ci il tarixində qəbul etdiyi “Əməkdaşlıq Bəyannaməsi”ni şərh edərkən belə deyib.
Nazir qeyd edib ki, hazırda neft bazarında tələb-təklif tarazlığı çoxsaylı faktorların təsirləri ilə üzləşib. Proqnozlar neftə tələbatın azalacağını göstərir. Belə bir vəziyyətdə hasilata müdaxilə qərarı qaçılmazdır. “OPEC plus” da məhz təcrübəsinə istinad edərək bazarda balansın qorunub saxlanması naminə belə bir addım atıb. Bu, hər hansı bir ölkənin fərdi marağından irəli gəlməyən konsensus əsasında qəbul edilmiş qərardır. “OPEC plus”un bütün qərarları bazarda sabitliyə hesablanıb. İndiyə kimi mürəkkəb vəziyyətlərdə əldə edilmiş nəticələr və nailiyyətlər bunun inkaredilməz sübutudur.
Energetika naziri onu da vurğulayıb ki, bu gün bazarın balanslaşması və sabitliyi üçün başlıca təhdid idarə olunan ixtisarlar deyil, idarə edilməsi mümkün olmayan, yəni hasilatda təbii azalmalardır. Hesab edirəm ki, bu gün “OPEC plus”un elan etdiyi ixtisar həcmlərinə görə deyil, təbii olaraq hasilatın azalma tendensiyasına görə narahat olmaq lazımdır.
““OPEC plus” un son qərarı gözlənilən mənfi əhval-ruhiyyəni kompensasiya etməklə investisiya axınının cəlbinə də hədəflənib ki, bu da irəlidə neft çatışmazlığı və qiymət volatilliyinin qarşısını almaq üçün mühüm addımdır”, deyə nazir əlavə edib.
Bildirilir ki, “OPEC plus” tənzimləmə aləti sayəsində digər enerji bazarları ilə müqayisədə neft bazarı daimi dəstəklə təmin olunub. Bu formatda əməkdaşlıq neft bazarının davamlı balanslaşdırılmasının uzunmüddətli qarantıdır.