SƏNAYE

19 Oktyabr

Azərbaycan polimer məhsulların ixracından gəlirlərini 12% azaldıb

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 276 min 823,52 ton polimer məhsullar ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,8% azdır.

Bu barədə "Fins.az" Dövlət Gömrük Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-sentyabr aylarında $293 milyon 920,64 min dəyərində (azalma 4,5%) plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1%, qeyri-neft ixracının strukturunda 13,89% təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 86 min 736,79 ton ($112 milyon 715,69 min) ilkin formada polietilenin, 52 min 488,2 ton ($72 milyon 432,11 min) ilkin formada polipropilenin, 20 min 101,8 ton ($32 milyon 68,07 min) ilkin formada propilen sopolimerlərinin payına düşüb.

Polimer məhsulların ixrac həcminin azalması “SOCAR Polymer” zavodlarına xammal tədarük edən “Azərkimya” İstehsalat Birliyinin kimya müəssisələrini xammalla təmin edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun aprelin 4-dən mayın 27-dək planlı təmirə dayandırılması ilə əlaqədardır. Eyni zamanda, qeyd olunan dövrdə polimer məhsulların istehsalını həyata keçirən kimya müəssisələrinin də fəaliyyəti dayandırılmışdı.