SƏNAYE

17 Oktyabr

Glensol və Milli Aviasiya Akademiyası Azneft-in texniki işçiləri üçün təlim keçirib

Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq Glensolun yeni yaradılmış texniki təlimlər üzrə xidmət sahəsini daha da gücləndirir 

Azneft İstehsalat Birliyinin texniki mütəxəssislərinin bacarıqlarının təkmilləşdirilməsi

Nobel Energy şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol, Milli Aviasiya Akademiyası ilə birgə SOCAR-ın Azneft İstehsalat Birliyinin (İB) texniki işçiləri üçün təlim proqramı həyata keçirib. “Neft-qaz sənayesində istismar olunan qurğulara texniki xidmət göstərən personalın hazırlığı” adlı təlim proqramının məqsədi texniki işçiləri zəruri bilik və bacarıqlarla təmin etməkdir. Təlim proqramı Glensol şirkətinin texniki mütəxəssisləri və Milli Aviasiya Akademiyasının professormüəllim heyəti tərəfindən Azneft İB-nin “28 May” və “Neft Daşları” Neft və Qazçıxarma İdarələrinin texniki-mexanik, elektrik və elektronçu işçiləri üçün Akademiyanın nəzəri və praktiki tədris bazasında keçirilib. Təlim Proqramı başa çatdıqdan sonra Azneft İB-də proqram iştirakçılarına sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib. Azneft İB-nin baş direktoru Şahmar Hüseynov təlim iştirakçılarına sertifikatları təqdim edərək deyib: “Biz tələblərin getdikcə artdığı bir dünyada işçilərin texniki bacarıq və imkanlarının inkişaf etdirilməsinin vacibliyini qəbul edirik. Bu məqsədlə biz Glensol və Milli Aviasiya Akademiyası tərəfindən peşəkar səviyyədə təqdim olunan bu proqrama qoşulmuşuq. Bütün iştirakçıları belə faydalı bir proqramı bitirmələri münasibətilə səmimi qəlbdən təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.” Glensolun baş direktoru Tamerlan Əliyev deyib: “Glensol uzun müddətdir ki, Azneft İB-nə texniki baxım, təmir və əməliyyatlar layihələrində xidmət göstərir, lakin tərəfdaş şirkətdən olan dəyərli həmkarlarımız üçün təlim proqramına başlamağımız əməkdaşlığımızda yeni səhifənin açılmasında irəliyə doğru atılan mühüm bir addımdır. Həmçinin, Glensol ilə Milli Aviasiya Akademiyası arasındakı səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulamaq istərdim. Ötən il Akademiya ilə imzalanmış müqavilə bu kimi yüksək səviyyəli texniki təlimlərin keçirilməsi üçün güclü zəmin yaratmışdır. Əminəm ki, səylərimizi birləşdirməklə biz xidmətlərimizin coğrafiyasını daha da genişləndirə, həm mövcud, həm də potensial xarici müştərilərimizə öz təlim xidmətlərimizi təklif edə bilərik.”