SƏNAYE

12 Oktyabr

“Azərkosmos”un əməkdaşı Beynəlxalq Kosmos Hüququ İnstitutuna üzv seçilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un hüquqşünası Narxanım Orucova Beynəlxalq Kosmos Hüququ İnstitutuna (International Institute of Space Law) üzv seçilib.

Nazirlikdən “Fins.az" verilən məlumata görə, Narxanım Orucova institutun beynəlxalq kosmik fəaliyyəti üzrə səsvermə hüququ qazanıb.

Kosmik hüquq kosmosda fəaliyyətləri tənzimləyən milli və beynəlxalq hüququn norma və prinsiplərini əhatə edir. Kosmos hüququ sahəsinin əsası 1957-ci ilin oktyabrında dünyanın ilk süni peyki olan “Sputnik 1”in kosmosa buraxılması ilə qoyulub. İnsanların kosmosdan istifadəsi genişləndikcə kosmos hüququ da inkişaf edib.

Beynəlxalq Kosmos Hüququ İnstitutu 1960-cı ildə yaradılıb. Əsas məqsədi kosmos hüququ sahəsində beynəlxalq təşkilatlar və yerli qurumlarla əməkdaşlıq etmək, kosmos hüququnun inkişafına təkan verməkdir. Bu istiqamətdə fəaliyyətə kosmosun tədqiqi və istifadəsinin hüquqi və sosial elmlər əsasında öyrənilməsi, kosmik fəaliyyət üzrə görüş, kollokvium və müsabiqələrin keçirilməsi daxildir.

Hazırda institutun 40-dan çox ölkədən seçilmiş fərdi və institusional üzvləri var. Üzvlərin ümumi yığıncağı ildə bir dəfə – kollokvium zamanı keçirilir. İnstitutun əsasnaməsində müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün daimi və xüsusi komitələr fəaliyyət göstərir.

Azərbaycan təmsilçisi ilə yanaşı, ABŞ, Meksika, Yaponiya, Avstraliya və əksər Avropa ölkələrinin nümayəndələri Beynəlxalq Kosmos Hüququ İnstitutunun üzvləri sırasındadır.

Azərbaycanın Beynəlxalq Kosmos Hüququ İnstitutunda təmsil olunması ölkədə kosmos sahəsində beynəlxalq hüquq üzrə fəaliyyət göstərən mütəxəssislər üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, 2023-cü ilin 2 – 6 oktyabr tarixində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Beynəlxalq Kosmos Hüququ İnstitutunun kosmos hüququ mövzusuna dair seminarları və sessiyaları təşkil olunacaq.