SƏNAYE

11 Oktyabr

“Azərbaycan İES” MMC 8,3 milyon manatdan artıq gəlir əldə edib

2021-ci ildə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin mənfəəti 2020-ci ildəki 5,283 milyon manat zərərə qarşı 8,318 milyon manat təşkil edib.

Bu göstəricilər MMC-nin 2021-ci il üzrə maliyyə vəziyyətinə dair birləşdirilmiş hesabatında öz əksini tapıb.

Hesabata əsasən, ötən il "Azərbaycan İES" MMC tərəfindən elektrik enerjisinin satış həcmi 284,987 milyon manat (artım 11,5%) təşkil edib.

Hesabat dövründə stansiyanın xərclərinin strukturunda yanacaq xərcləri 197,781 milyon manat (artım 18,3%) təşkil edib.

Müəssisənin əməliyyat mənfəəti 17,085 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 141 dəfə çoxdur.Ötən ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək mənfəəti 17,089 milyon manat (2020-ci ildə vergi ödənilənədək zərər 790 min manat), mənfəət vergisi üzrə ödənişlər 8,771 milyon manat (artım 2 dəfə) təşkil edib.

2021-ci ildə "Azərbaycan İES" MMC-nin aktivləri 8,8% - 597,243 milyon manata qədər, uzunmüddətli aktivləri 3,3% - 497,624 milyon manata qədər, qısamüddətli aktivləri 29% – 99,619 milyon manata qədər azalıb.

Hesabat ilində cəmiyyətin kapitalı 2% - 474,021 milyon manata qədər artıb, nizamnamə kapitalı 5,108 milyon manata (dəyişməyib), ümumi bölüşdürülməmiş mənfəəti 84,614 milyon manata (artım 10,9%) bərabərdir.

2021-ci ildə cəmiyyətin öhdəlikləri 35,4% - 123,222 milyon manata qədər azalıb.

“Azərbaycan İES” MMC-də hər birinin gücü 300 MVt olan 8 blok var. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir.

(c)İnterfax Azerbaijan