SƏNAYE

10 Oktyabr

2023-cü ilin büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsi riskdirmi?

Pərviz Heydərov yazır...

2023-cü ilin, yəni gələn ilin dövlət büdcəsinin 53% hissəsini neft-qaz sektorundan əldə olunacaq gəlirlər təşkil edəcək. Belə ki, proqnoza əsasən ÜDM-in 29%-ini təşkil edəcək 30 milyard 720 milyon 700 min manat mədaxilin 16 milyard 297 milyon manatı - 53 % hissəsi neft-qaz sektorundan, yerdə qalan 14 milyard 423 milyon 700 min manatı - 47% hissəsi isə qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına təmin ediləcək.

Neft-qaz sektorundan daxilolmaların 11 milyard 280 milyon manatını - 69,2%-ni Dövlət Neft Fondundan (ARDNF) transfert, 5 milyard 17 milyon manatını - 30,8%-ni isə vergi orqanları tərəfindən sözügedən sektorda çalışan şirkətlərin öhdəliklərindən əldə olunacaq mədaxil təşkil edəcək.

Göründüyü kimi, dövlət gəlirlərimizin neft və qazdan asılılığı davam edir. Və bu, uzun müddət belə olacaq. Neftin dünya bazar qiymətləri bundan sonrakı illər ərzində də bizim üçün əsas və təsiredici faktor rolunda çıxış edəcək ki, hər il ərzində gəlir və xərclərimiz məhz bunun əsasında istiqamətini tapacaq.

Təsadüfi deyil, hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə, beynəlxalq bazarlarda neftin 1 barelinin orta illik ixrac qiymətinə dair proqnoz əksini tapır.

Gələn ilin dövlət büdcəsi layihəsində də 2023-cü il dövlət büdcəsinin gəlirinə dair rəqəm yazılmamışdan öncə xam neftin 1 barelinin orta illik ixrac qiymətinin 50 ABŞ dolları səviyyəsində götürüldüyü və məhz buna əsasən də mədaxilin 30 milyard 720 milyon 700 min manat nəzərdə tutulduğu qeyd olunub.

Odur ki, növbəti ilin dövlət büdcəsinə dair əsas suallardan biri də neftin proqnozlaşdırılan qiymətinin nə dərəcədə əsaslı olub-olmadığı barədədir. Belə ki, sual olunur, dünya bazarlarında enerjidaşıyıcılarının qiymətləri üzrə qeyri-müəyyənlik davam etdiyi, volatillik, yəni aşağıya və yuxarıya doğru rəqslər hökm sürdüyü vaxtda bu, özünü doğruldacaqmı?

Hesab edirəm, bəli. 2023-ci ildə neftin 1 barelinin orta illik ixrac qiymətinin qeyd olunan səviyyədə götürülməsi düzgün qərardır. Hərçənd ki, dünya enerjidaşıyıcıları bazarında vəziyyət elədir ki, heç 1 həftə sonra nəyin baş verəcəyi bəlli deyil. Ancaq görünən budur ki, “oyunlar” qiymətləri hələ ki, ucuzlaşdırmağa deyil, alovlandırmağa xidmət edir.

Məsələn, götürək OPEC+ ölkələrinin son qərarını. 

Alyans ölkələri gələn aydan, yəni noyabrdan gündəlik neft hasilatını 2 milyon barel həcmində azaltmaq qərarına gəliblər. Halbuki, adıçəkilən quruma aid ölkələr hasilatı sutkada 400 min barel artırmaq qərarına gəlmişdilər. 2020-ci ilin mayında pandemiya ilə əlaqədar tələbin kəskin aşağı düşməsi nəticəsində sutkada 9,7 milyon barel kəsirə getmək barədə qərardan sonra ilk dəfə oktyabrın sonuna hasilata qoyulan məhdudiyyətlər tamamilə aradan götürməli idi.

Bəs, nə oldu və nə baş verdi? Qiymətlər ucuz olmadığı halda hasilat niyə azaldılacaq? Özü də sutkada 2 milyon barel həcmində... Hələ bu, azmış kimi sözügedən qərar 2023-cü ilin sonunadək icra ediləcək.

Sual yaranır ki, niyə? Səbəb nədir?

Məsələ ondadır ki, dünyada neft hasilatı sənayesində ciddi böhran hökm sürür və sabah, aparıcı ölkələrin iqtisadiyyatları əgər bərpa olarsa neftə yaranacaq tələbatı ödəmək çox çətin görünür.

Çünki investisiya yoxdur.

Söhbət ondan gedir ki, birincisi, əvvəl, pandemiya idi, indi də Rusiya-Ukrayna müharibəsi və buna görə yaranan çəkişmələr hələ də davam edir. Artıq üçüncü ildir ki, yeni quyular qazılmır, köhnələr yenilənmir. Başqa sözlə, bütün bu işlərə lazımi səviyyədə pul ödənmir.

İkincisi isə, qlobal iqtisadiyyatda vəziyyət elədir ki, hazırda bazarda izafi məhsul yaranarsa daha ağır nəticələr ortaya çıxa bilər. Belə ki, payız və qış mövsümü ilə əlaqədar təklifi indi sərbəst buraxmaq yolverilməz sayılır. Əks təqdirdə, tələbin birdən-birə arta biləcəyi təqdirdə qiymət yüksəlişinin qarşısını almaq əsla mümkün görünmür.

Ona görə də, neftin gələn il üzrə orta illik qiyməti lap nə qədər ucuzlaşsa belə 50 ABŞ dollarından aşağı düşəsi deyil.

Yeri gəlmişkən, neftin orta illik ixrac qiyməti cari ilin dövlət büdcəsində də 50 ABŞ dolları səviyyəsində götürülmüşdü. Lakin iyunda büdcə proqnozlarının dürüstləşdirilməsi zamanı bu, 85 dollara qaldırıldı.

Bu, çox ciddi risk idi.

Ümumiyyətlə, dövlət büdcəmizin neft-qaz sektorundan asılılığının azalması gedişatına və tendensiyasına uyğun olaraq neftin orta illik ixrac qiymətinin qarşıdakı 3 il ərzində 50 ABŞ dolları səviyyəsində götürülməsi ən optimal və uyğun variant sayılır.

Sual oluna bilər, məgər dövlət büdcəmizin neftdən, qazdan asılılığı azalırmı?! Bəli, azalır. Bunu, 2013-2023-cü illər ərzində neft-qaz və qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəmizə daxilolmaların həcm göstəricisi də sübut edir.

Gələn ilin dövlət büdcəsinin 53% hissəsini neft-qaz sektorundan əldə olunacaq gəlirlər təşkil edəcəksə, 2013-cü ildə bu rəqəm 73,1%, 2014-də 66%, 2015-də 58,4%, 2016-da 52,7%, 2017-də 47,7% qeydə alınmış, sonradan isə yenə yüksələrək 2018-də 59,5%-ə, 2019-da 56,2%-ə, 2020-də 56,7%-ə, 2021-də 51,3%-ə və keçən il isə 53,2%-ə bərabər olub.

Bundan əlavə ARDNF-dən transfert göstəricisinə də diqqət yetirmək kifayətdir. 2023-cü ildə ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçiriləcək ki, bu da ümumi gəlirlərin 36,7%-i deməkdir. Keçən il, yəni 2021-ci ildə və ondan əvvəlki ildə - 2020-ci ildə isə dövlət büdcəsinə ARDNF-dən eyni məbləğdə - 12 milyard 200 milyon manat transfert həyata keçirilmişdi.

Cari ilin dövlət büdcəsində isə Fonddan transfert 510 milyon manat və ya 4,2% çox yəni, 12 milyard 710 milyon manat məbləğində proqnoz edilsə də iyunda dürüstləşdirmədən sonra 1 milyard 192 milyon 500 min manat azaldılaraq 11 milyard 517 milyon 500 min manat edildi və ARDNF-dən transfert büdcə gəlirlərinin 39,4%-nə endirildi.

Ümumiyyətlə, büdcəyə gəlirlərdə qeyri-neft-qaz sektorunun payı 60% civarına çatmayınca neftin 1 barelinin orta illik ixrac qiymətində əsla risk etməyə dəyməz. 

© oxu.az