Meliorativ tədbirlərin vaxtında aparılması nəticəsində torpaqların münbitliyi artır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə belə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilir. Uzun illər şoranlaşmaya məruz qalan torpaqlar kollektor-drenaj sistemlərinin mütəmadi təmizlənməsi ilə əkinə yararlı vəziyyətə gətirilir. Bütün bu işlər Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsi ilə həyata keçrilir. Plana uyğun olaraq idarə tərəfindən 3 ədəd borulu keçid təmir olunub, 3 ədədində isə əsaslı təmir işləri davam etdirilir. Hazırda vaxtilə tikilən və yararsız hala düşən borular sökülərək yeni borularla əvəzlənir.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən bu ilin əvvəlindən etibarən 170 km məsafədə kollektor-drenaj sistemi lildən təmizlənib. Bununla da həmin kollektorların keçdiyi ərazilər artıq münbit torpaqlara çevrilməkdədir. Hazırda kolleketor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır.
Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi respublikanın 6 rayonuna xidmət göstərməklə ümumi uzunluğu 5 min kilometrə yaxın kollektor-drenaj şəbəkəsinə və 173 min hektar meliorasiya olunmuş əkin sahəsinə xidmət edir. İdarənin xidməti sahələri Yevlax, Bərdə, Zərdab, Kürdəmir, Ağsu və Ağcabədi rayonlarının ərazilərində yerləşir.