SƏNAYE

23 Sentyabr

“Azəriqaz”: “Azəristiliktəchizat” nə vaxt sifariş versə, qazın açılışını təmin edəcəyik

"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə SOCAR “Azəriqaz” İstehsalat Birliyi arasında əvvəlki mübahisələr bu il olmayacaq.

Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Keçən həftə biz “Azəristiliktəchizat” rəhbərliyi ilə görüş keçirtdik, mən o görüşün nəticələrindən sonra tam əminlik ilə deyirəm ki, biz onlardan sifariş gözləyirik, “Azəristiliktəchizat” nə vaxt sifariş versə, biz qazın açılışını təmin edəcəyik”, - Ruslan Əliyev qeyd edib.

Xatırladaq ki, ötən həftə “Azəriqaz” və “Azəristiliktəchizat”ın rəhbər şəxsləri arasında görüş keçirilib.

Görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev bəzi proseslərin qarşılıqlı razılaşma yolu ilə icra olunmasına dair çıxış edib. O, cari ayın sərfinin müəyyən olunması üçün sayğac göstəricilərinin növbəti ayın ilk 5 günündə götürülməsi təklifini irəli sürüb.

Ruslan Əliyev bu məsələdə lazımi dəstəyin veriləcəyini diqqətə çatdırıb. Bundan əlavə, sayğaclar dövlət yoxlamasından keçirilən zaman “Azəristiliktəchizat” ASC-nin nümayəndəsinin də bu prosesdə iştirakının təmin olunması ilə bağlı müraciət olunub. Birlik rəhbəri bunun hər bir istehlakçının hüququ olduğunu qeyd edərək, istənilən müraciətin Birlik tərəfindən təmin edildiyini vurğulayıb.

Görüş zamanı Ruslan Əliyev son aylarda “Azəristiliktəchizat” tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu qeyd edib. Baş direktor SOCAR “Azəriqaz” İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib.

"Azəristiliktəchizat" "Azəriqaz"a olan debitor borcunun (2021-2022-ci illərin mövsümü üzrə - red.) 70 %-ni artıq ödəyib. Qurumun "Azəriqaz"a ümumi borcu 41 mln. manat təşkil edirdi.