2021-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 17,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Fins.az xəbər verir ki,neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 369,1 min ton az olub.
Respublika üzrə neft hasilatının 11,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.
Bu dövrdə təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 faiz azdır.
Cari ilin 6 ayı ərzində ölkədə 20,3 milyard kub metr qaz hasil edilib. Qazın 6,4 milyard kub metri AÇG-dən, 10 milyard kub metri “Şahdəniz”dən, 3,9 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kub metr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 milyard kub metr, Avropaya təqribən 3,2 milyard kub metr, Gürcüstana isə 1,2 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyul 2021-ci il tarixinədək 567 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 535 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyul tarixinədək təqribən 567 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 183 milyard kub metr, “Şahdəniz”dən isə 145 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kub metrdən çoxu ixraca nəql edilib.
Ölkədə neftin emala təhvili 2021-ci ilin yanvar-iyun ayında 3,3 milyon ton təşkil edib. Neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 276,3 min ton çox olub.