SƏNAYE

19 İyul

İşdən çıxarılan vitse-prezidentlər kimdir?

Bu gün Prezidentin sərəncamları ilə vəzifələrindən çıxarılan SOCAR-ın dörd vitse-prezidentinin bioqrafiyası ictimaiyyətdə maraq doğurub.

“Fins.az”-ın xəbərinə görə, onlardan ikisi - Mikayıl İsmayılov və David Məmmədov 16 ildir ki, vitse-prezident postundadırlar.

Tofiq Qəhrəmanov bu vəzifədə 11 il, Bəhram Hüseynov isə 5 il qala bilib.

 

SOCAR-ın bu gün işdən çıxarılan vitse-prezidentlərinin geniş bioqrafiyasını təqdim edirik:

Mikayıl İsmayılov 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinə daxil olub, 1983-1985-ci illərdə hərbi xidmət keçib.

1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. 2001-2004-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə başa vurub.

Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlayıb, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlıdır.

M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Dövlət Neft Şirkətinin vitse-prezidenti olub.

David Məmmədov 1955-ci ildə Kürdəmir şəhərində anadan olub. 1980-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu “Neftin və qazın kimya texnologiyası” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Vladimir İliç adına Yeni Bakı Neft Emalı Zavodunda başlayıb. 1994-cü ilədək Yeni Bakı Neft Emalı Zavodunun operatoru, qurğu rəisi, sex rəisinin müavini, sex rəisi, şöbə rəisi vəzifələrində işləyib. 1994-2005-ci illərdə “Azərneftyanacaq” İB-nin Baş direktorunun birinci müavini-baş mühəndis, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Baş mühəndisi olub. 2005-ci ildən Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti olub.

Tofiq Qəhrəmanov 1953-cü ildə Bakıda anadan olub. 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektrik ixtisası üzrə bitirib. 1976-1983-cü illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu - red.) İnformasiya-hesablama mərkəzində mühəndis vəzifəsində işləyib, zavodun komsomol komitəsinin katibi olub.

1983-1990-cı illərdə keçmiş partiya təşkilatlarında - əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. 1990-1991-ci illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunda direktor müavini, 1991-1993-cü illərdə zavodun təsis etdiyi “Azinteroil” Birgə Müəssisəsinin Baş direktoru işləyib.

1994-1998-ci illərdə isə özəl bizneslə məşğul olub. 1998-2006-cı illərdə “Azərneftyanacaq” İB-də texniki-iqtisadi şöbənin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifələrində çalışıb. 2006-2007-ci illərdə Dövlət Neft Şirkətinin Emalın strateji inkişafı şöbəsinin rəisi, 2007-2010-cu illər ərzində isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub. 2010-cu ildən Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti olub.

Bəhram Hüseynov 1956-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı” ixtisası üzrə bitirib və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışıb.

1988-ci ilin iyulundan “Xəzərdənizneftqaz” İB İstehsalat Birliyinin baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilib, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışıb.

1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geoloqu vəzifəsində çalışıb. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu “Şahdəniz” layihəsində geoloji kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilib.

2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi “AÇG” yatağının işlənməsi layihəsində geoloji qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbəri, “Azəri” yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, “Azəri” yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışıb. 2011-ci ilin yanvarından Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.

2016-cı ildə Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilib.