“Yüksəliş” müsabiqəsinə ötən həftə yekun vurulub.SOCAR-ın “Caspian Innovation Center” (CIC) şirkətinin Əməliyyatların idarə olunması departamentinin rəhbəri Orxan Quliyev 1-ci, SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Ziya Mürsəlzadə 2-ci yerə layiq görülüb. SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) keyfiyyətin təminatı şöbəsinin rəisi Güldənə Hidayətli isə müsabiqənin qalibləri arasında 19-cu olub.
Fins.az xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Yüksəliş” müsabiqəsində qalib gəlmiş şirkət əməkdaşları ilə görüşərək, yüksək nəticə göstərmələri və mükafata layiq görülmələri münasibətilə onları təbrik etmiş, gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdır. Şirkətin prezidenti demişdir: “Sizin bu nailiyyətiniz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin illər əvvəl bəyan etdiyi “Neft kapitalının insan kapitalına çevrilməsi” şüarının reallaşdırılmasının təcəssümüdür. Son illərdə yüzlərlə istedadlı gənc SOCAR-ın təqaüdü ilə dünyanın aparıcı universitetlərində təhsil alıb. Bakı Ali Neft Məktəbimizi uğurla bitirən məzunlarımızın xoş sorağını alırıq. Sevindirici haldır ki, siz də şirkətimizdə həyata keçirilən təqaüd proqramlarının və Neft Məktəbimizin məzunlarındansınız. Xaricdə təhsil alıb, daha sonra SOCAR-ın strukturunda təcrübə toplayaraq, rəhbərlik keyfiyyətərinizi təkmilləşdirmisiniz. “Yüksəliş” müsabiqəsi çərçivəsində yüksək səviyyəli rəhbər kadrların müəyyən edilməsi Sizin kimi istedadlı gənclərimizin karyera inkişafına güclü təkan verir və bu, ölkəmizin iqtisadi yüksəlişi üçün olduqca əhəmiyyətlidir.”
“Yüksəliş” müsabiqəsinin qalibi Orxan Quliyev bu uğurun əldə olunmasında SOCAR-da qazandığı beynəlxalq səviyyəli təcrübənin rolundan söz açmış, dünyanın aparıcı məsləhətçi şirkətləri ilə birgə keçirilmiş strateji əhəmiyyətli layihələrdə çalışdığını xatırlayaraq, “SOCAR bir məktəbdir. Əldə etdiyimiz uğurun təməlində burada qazandığımız təcrübə və səriştələr dayanır,”- demişdir. Müsabiqənin digər qalibləri də onun fikrini dəstəkləyərək, yüksək səviyyəli mütəxəssis və rəhbər kimi püxtələşmələri üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda qaliblərə “Azərbaycanın neft tarixi” kitabı hədiyyə edilmiş, onların əmək haqlarının iki misli məbləğində mükafatlandırılması haqqında əmr elan olunmuşdur.
“Yüksəliş” müsabiqəsində 1-ci yerə layiq görülmüş Orxan Quliyev SOCAR-ın Xarici Təqaüd Proqramı (XTP) çərçivəsində Almaniyada Berlin Texniki Universitetində Sənaye mühəndisliyi və idarəetmə üzrə ali təhsil alıb. Proseslərin avtomatlaşdırılması və layihələrin idarə olunması üzrə ixtisaslaşan gənc mütəxəssis 2016-cı ildə əmək fəaliyyətinə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində başlayıb və ERP modullarının tətbiq oluması layihələrində yaxından iştirak edib. 2018-ci ildən etibarən CIC-də layihə rəhbəri kimi çalışıb, layihələrin idarə olunması və “agile” (çevik) yanaşma üzrə peşəkar sertifikatlar (PMP, PMI ACP) qazanıb. Hazırda CIC-nin Əməliyyatların İdarə Olunması Departamentinə rəhbərlik etməklə yanaşı, 2017-ci ildən etibarən BANM-də Proseslərin avtomatlaşdırılması üzrə müəllim kimi də fəaliyyət göstərir.
2-ci yeri tutmuş Ziya Mürsəlzadə SOCAR-ın XTP çərçivəsində 2012-2013-cü illərdə Böyük Britaniyanın Leicester Universitetinin Maliyyə ixtisasını magistr pilləsi üzrə fərqlənmə dərəcəsi ilə bitirib. 2013-cü ildən SOCAR ailəsinin üzvüdür. Hazırda SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi İdarəsində rəis müavini vəzifəsində çalışır. Eyni zamanda, həm BANM-də Biznesin Təşkili və İdarə edilməsi (MBA) ixtisası üzrə və UNEC ISE-də müəllim kimi fəaliyyət göstərir.
Müsabiqədə 19-cu yerə çıxmış Güldənə Hidayətli 2013-2018-ci illərdə BANM/Heriot-Watt Universitetində kimya mühəndisliyi üzrə bakalavr, 2018-2020-ci illərdə BANM-də MBA üzrə magistr pilləsndə təhsil alıb. 2015-ci ildə Halliburton şirkətində təcrübə keçib, 2016-cı ildə Heydər Əliyev adına NEZ-də mühəndis-texnoloq, 2018-2020-ci illərdə BANM-də Keyfiyyətin Təminatı Şöbəsində metodist, böyük metodist vəzifəsində çalışıb. Hazırda həmin şöbənin rəisi vəzifəsində çalışır.
Qeyd edk ki, bir neçə mərhələ üzrə keçirilmiş “Yüksəliş” müsabiqəsində ümumilikdə 11 760 nəfər iştirak edib, final mərhələsinə keçən 112 nəfərdən 9-u SOCAR-ın əməkdaşı, ikisi isə SOCAR-ın strukturunda fəaliyyət göstərən BANM-nin əməkdaşı olub. Müsabiqənin sonunda 27 nəfər qalib seçilib. Onlardan 3-ü SOCAR-ın və Bakı Ali Neft Məktəbinin əməkdaşlarıdır.