Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirmə göstəricilərini dəyişməyib.
Bu barədə şirkətin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verilir.
İcmala əsasən, 2020-ci ilin axırına Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 7 mlrd. barel və ya 1 mlrd. ton təşkil edib, bu da 2019-cu ilin sonuna olan göstəriciyə bərabərdir.
Qeyd olunur ki, 2000-ci ilin axırına bu göstərici 1,2 mlrd. barel təşkil edirdi.
Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş neft ehtiyatları 244,4 mlrd. ton və ya 7 132,4 mlrd. barel təşkil edib (Azərbaycanın payı – 0,4%).
Qeyd edək ki, BP şirkəti Azərbaycanda bir sıra neft-qaz layihələrin aktiv iştirakçısıdır. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun operatorudur. Azərbaycanda hasil edilən neftin böyük hissəsi məs bu yatağın payına düşür.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
(c)APA