Böyük Britaniyanın məşhur enerji şirkəti “British Petrolium” (BP) şirkəti 2020-ci ilə zərərlə yekun vurub.
Şirkətin mediaya təqdim etdiyi hesabatlara əsasən, BP şirkəti ötən il 20,3 milyard dollar zərər edib.
BP-nin maliyyə hesabatlarının analizinə əsasən, 2010-2020-ci illər ərzində nəhəng enerji şirkəti üç dəfə zərərə gedib. Belə ki, şirkət 2010-cu və 2015-cı illəri də zərərlə başa vurub.
Həmçinin, BP-nin mənfəəti 2016-cı ildə son 10 ilin ən aşağı həddində olub. Şirkət 2019-cu ildə 4 milyard dollar mənfəət əldə edib ki, bu da 2018-ci illə müqayisədə iki dəfə azdır. Əlavə edək ki, BP 2018-ci ildə 9,4 milyard dollar gəlir əldə edib.
Qeyd edək ki, BP ilə yanaşı dünyanın digər məşhur neft-qaz şirkətləri də pandemiyanın müvafiq enerji resurslarına tələbatı azaltması ilə maliyyə itkiləri ilə üzləşiblər. Sektorda fəaliyyət göstərən bir çox şirkətlərinin hesabatlarında da mənfi tendensiya nəzərə çarpıb.