SƏNAYE

06 İyul

Azərbaycanın dövlət şirkəti qızıl və gümüş məhsullarının - İlk Satış Mərkəzini Yaradır

Zərgərlik bazarının təşviq edilməsi və bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına töhfə verilməsi məqsədilə “AzerGold”un istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması istiqamətində intensiv iş aparılır.

Fins.az xəbər verir ki, bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyətinə dair  Şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun mətbuata yazılı açıqlamasında bildirilir.

“Məlumat üçün bildirim ki, mərkəzdə ilk dəfə Cəmiyyətin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı da təmin ediləcək”,- Zakir İbrahimov qeyd edib.

QSC-nin sədri bildirib ki, cari ilin əvvəlindən etibarən İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zərgərlik sənayesinin inkişafına töhfə vermək məqsədilə hazırlanan təkliflər əsasında vergi və gömrük qanunvericiliklərinə dəyişikliklər edilib. Bu dəyişikliklər zərgərlik sahəsinin daha da şəffaflaşmasına, məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin gücləndirilməsinə və ümumən “AzerGold” və zərgərlik bazarının digər iştirakçıları üçün sağlam rəqabət mühtinin yaradılmasına xidmət edir. Müvafiq sahədə fəaliyyət göstərən dövlət və özəl sahibkarlıq subyektləri üçün yaradılmış bu geniş imkanlar fonunda “AzerGold” yeni məhsul kolleksiyasını təqdim etməyə hazırlaşır. Bu kolleksiyaya Heydər Əliyev Mərkəzi və “AzerGold” tərəfindən birgə təşkil edilmiş, Qarabağa həsr olunmuş müsabiqənin nəticələrinə əsasən seçilmiş yeni növ sikkələr də daxildir.