Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Dövlət Universitetinin rəhbərliyi əməkdaşlıq barədə memorandum imzalayıb.
Fins.az xəbər verir ki,görüşdə STP-nin baş direktoru Ruslan Ağabəyli, SDU-nun rektoru Elxan Hüseynov və hər iki tərəfdən digər nümayəndələr iştirak edib.
Memorandum Universitetin müxtəlif fakültələrində bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan tələbələrin STP və onun törəmə şirkətlərində istehsalat təlimləri keçmələrini, istehsalat təcrübəsində xüsusi fərqlənmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsini, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların araşdırılması ilə bağlı müəssisənin təcrübəli kadrlarından və laboratoriyalarından yararlanmasını, habelə gələcək kadrların hazırlanması və əmək bazarında peşəkar sənaye işçilərinə olan ehtiyacların ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi kimi məsələləri əhatə edir.
Qeyd edək ki, STP 2020-ci ilin sonunda yer almış struktur və korporativ idarəetmə sistemindəki yeniliklərdən sonra sənaye sektoruna xarici təcrübələrin gətirilməsi, həmçinin gələcəyin peşəkarları olacaq gənc kadrların hazırlanması istiqamətində bir sıra təşəbbüslər reallaşdırıbdır. Bundan öncə müəssisə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Anlaşma Memorandumu imzalayıb.