SƏNAYE

09 İyun

ARDNF-nin Londondakı daşınmaz əmlakı 41 mln. dollar xalis - Zərər Gətirib

2020-ci ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak üzrə birbaşa investisiyalarının bazar dəyəri 719 734 733 ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 32,1% azdır.

Fins.az xəbər verir ki, bu barədə ARDNF-nin 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Fondun Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən və 31.12.2020-ci il tarixinə bazar dəyəri 133 750 000 funt sterlinq (həmin dövrün məzənnəsi ilə təxminən 183 mln. dollar) təşkil edən ofis kompleksi 2020-ci ildə 29 914 825 funt sterlinq (təxminən 41 mln. dollar) xalis zərər gətirib. Zərərin 2018-ci ildə başlayan və hazırda da davam edən əsaslı təmir işləri və cari olaraq əmlakda icarəçinin olmaması səbəbindən yarandığı bildirilir.

Moskva şəhərinin Tverskaya, 16 ünvanında yerləşən və dəyəri 3 038 100 000 rubl (təxminən 41,1 mln. dollar) təşkil edən biznes mərkəzi ötən il 55 511 972 rubl xalis gəlir gətirib.

Yaponiyanın paytaxtı Tokio şəhərinin Ginza rayonunda, Çou avenyuda yerləşən və dəyəri 56 742 000 000 yapon yeni (təxminən 550 mln. dollar) olan "Kirarito Ginza" ticarət obyekti 2020-ci ildə 581 898 889 yen (təxminən 5,4 mln. dollar) xalis gəlir gətirib.

Paris şəhərinin Vandom meydanı, 8 ünvanında yerləşən və dəyəri 180 277 500 avro olan ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi isə 4 766 651 avro xalis gəlir gətirib.

Qeyd edək ki, birbaşa investisiya portfelində olan sözügedən əmlakların yenidən qiymətləndirmə nəticəsində məlum olub ki, Londonda yerləşən ofis kompleksi 16 750 000 funt (23 mln. dollar) bahalaşıb, Moskvadakı biznes mərkəzi 296 100 000 rubl (4 mln. dollar), Tokioda olan ticarət obyekti isə 490 000 000 (4,5 mln. dollar) yen dəyər itirib. Parisdəki kompleksin dəyərsizləşməsində isə Fonda 8 600 000 avro ziyan dəyib.

Hazırda birbaşa investisiya portfelində cari hesablarda qalıqlar nəzər yetirdikdə, 2020-ci ilin 31 dekabrına Londondakı ofis kompleksi üzrə cari hesabda 5 179 944 funt sterlinq (7,1 mln. dollar), Moskvadakı biznes mərkəzi üzrə 256 474 421 rubl (3,5 mln. dollar) və 1 383 238 dollar, Parisdəki kompleks üzrə isə 4 508 855 avro qalıb.

(c)APA