SƏNAYE

09 İyun

Neft Fondunun xaricdəki daşınmaz əmlakının dəyəri artıb, gəlirliyi azalıb

2020-ci il 31 dekabr tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xaricdəki daşınmaz əmlak üzrə investisiyalarının bazar dəyəri 2 787 426 081 ABŞ dolları təşkil edib.

Bu, illik müqayisədə 2,9% çoxdur. Bu barədə ARDNF-nin 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Birbaşa investisiyalarla alınan binaların məbləği 702 311 314 dollar təşkil edib. Təkcə 2020-ci ildə daşınmaz əmlak alt portfelinə xalis investisiyaların həcmi 24,8 mln. dollar olub.

Qeyd edək ki, məzənnə fərqi nəzərə alınmadan daşınmaz əmlak üzrə investisiyalar 42,5 mln. dollar zərər gətirib. Lakin məzənnə fərqindən yaranan gəlir (96,4 mln. dollar) bu zərəri örtərək nəticədə 53,9 mln. dollarlıq gəlirlik yaradıb.

Daşınmaz əmlak üzrə gəlirliliyin əvvəlki illə müqayisədə aşağı olmasının əsas səbəblərindən biri kimi 2020-ci ilin əvvəllərində dünyada COVID-19 pandemiyasının yayılması səbəbindən elan edilmiş pandemiyanın olması və pandemiya səbəbindən birbaşa, daşınmaz əmlak fondları və ya müştərək investisiyalar vasitəsilə həyata keçirilmiş investisiyaların bazar dəyərləri aşağı düşməsi göstərilir.

"Bundan əlavə, investisiya həyata keçirilmiş daşınmaz əmlakların yerləşdiyi ölkələrdə iqtisadi yavaşlamanın olması, qapanma tədbirlərinin icra olunması və s. səbəblərdə icarə müqaviləsi əsasında fəaliyyət göstərən bir sıra müəssisələr icarə haqlarının verilməsində problemlər yaşamış və bu da həmin investisiyalar üzrə gəlirliliyin aşağı düşməsinə səbəb olub", - rəydə bildirilir.

©️ APA