Ötən il ərzində manat ifadəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin ümumi həcmi 9 360,8 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (7 832,9 mln. manat) 119,5% səviyyəsində icra edilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir. 2020-ci il ərzində ARDNF-nin büdcə xərcləri 12 425,3 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 439,9 mln. manat) 99,9% səviyyəsində icra olunub.
Nəticə etibarı ilə Fond hesabat ilini 3 064,5 mln. manat və yaxud 1 802,4 mln. ABŞ dollar məbləğində defisitlə başa vurmasına baxmayaraq, Fondun vəsaitlərinin idarə edilməsindən gəlirlərin büdcədə nəzərdə tutulana qarşı daha çox icrası və büdcədənkənar gəlirlər hesabına (2 043,5 mln. dollar – 1 802,4 mln. dollar = 241,1 mln. dollar) Fondun vəsaiti ilin əvvəlinə nisbətən 241,1 mln. dollar artaraq 43 564,3 mln. dollar təşkil edib. 2019-cu ildə Neft Fondunun büdcəsində profisit yaranmışdı və 7 442 mln. manat və ya 4 377,7 mln. dollara bərabər idi.
Qeyd edək ki, ARDNF-nin 2020-ci ilin dürüstləşdirilmiş büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 35 dollar nəzərdə tutulduğu halda, 2020-ci il ərzində xalis mədaxil qiyməti 38,5 dollar təşkil edib.
(c)APA