SƏNAYE

07 İyun

Rövnəq Abdullayevdən Azərbaycanın Avropa İttifaqına ixrac etdiyi neft barədə AÇIQLAMA 

Sankt-Peterburq beynəlxalq iqtisadi forumunun energetika panelində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın neft-qaz sənayesinin enerji keçidi dövründə perspektivləri haqqında danışıb.

SOCAR-dan Fins.az-a bildirilib ki, R.Abdullayev Azərbaycanın iqlim dəyişikliyi probleminə ciddi yanaşdığını, bu dəyişikliyin nəticələrinin göz qabağında olduğunu deyib. Qeyd edib ki, məhz buna görə 2016-cı ilin aprelində Azərbaycan Paris sazişini imzalayıb, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının atmosferə atılmasının 35 faiz azaldılması ilə bağlı öhdəlik götürüb. Bu günə kimi 30 faiz azalmaya nail olunub.

O vurğulayıb ki, Azərbaycan dünya enerji bazarı ilə strateji tərfdaşdır: “Hazırda Avropa İttifaqının idxal etdiyi neftin 4 faizi ölkəmizin payına düşür. Biz ildə 40 milyard kubmetr qaz hasil etməklə yanaşı, həm Azərbaycanda, həm də xaricdə qazlaşdırma üzrə böyük miqyaslı layihələr həyata keçiririk. SOCAR 2005-ci ildən etibarən Azərbaycanda qazlaşdırmanın səviyyəsi 55 faizdən 96 faizə, Gürcüstanda 40 faizdən 82 faizə çatdırıb. Bununla da milyon tonlarla mazutun yandırılmasının qarşısı alınıb.

Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Cənub-Şərqi Avropaya, o cümlədən hələ də enerji daşıyıcısı kimi kömürdən istifadə edən ölkələrə qazın ixracına başlanılıb. Təmiz iqtisadiyyata keçid dövründə təbii qazdan istifadə hələ labüd görünür. Əlbəttə, biz yaxşı başa düşürük ki, zaman keçdikcə ənənəvi enerji mənbələrinə tələbat azalacaq. Lakin bu bir anda baş verməyəcək”.

SOCAR-ın prezidenti keçid dövründə bütün dəyər zənciri boyunca enerji effektivliyini yüksəltməklə istixana qazların emissiyasını azaltmağın əhəmiyyətini vurğulayıb. Nümunə üçün SOCAR tərəfindən 2022-ci ilədək səmt qazının atmosferə atılmasının tam dayandırılmasına nail olmaq üçün həyata keçirilən və BMT-nin xüsusi mükafatına layiq görülmüş tədbirləri, həmçinin karbon qazının tutulması və boşalmış neft-qaz laylarına vurulması, eləcə də perspektivdə yaşıl hidrogen istehsalı və Cənub Qaz Dəhlizi ilə nəql layihələrini göstərmişdir.

R.Abdullayev deyib ki, SOCAR ardıcıl olaraq öz biznesini şaxələndirməklə az karbohidrogenli istiqamətlərə doğru hərəkət edir və gələcəkdə bu vektoru davam etdirmək əzmindədir. Bu isə SOCAR-a transformasiya olunmağa və yeni şərtlər altında rəqabətə davamlılığını qoruyub saxlamağa imkan verəcək.

Peterburq beynəlxalq iqtisadi forumu 1997-ci ildən etibarən təşkil olunur və son onilliklərdə dünyanın aparıcı biznes nümayəndələrinin iştirak etdiyi nüfuzlu müzakirə platformasına çevrilib. Bu il forum iyunun 2-5-də keçirilib. Forum proqramının əsas mövzuları dünya və Rusiya iqtisadiyyatı, sosial məsələlər və texnologiyaların təşkili ilə bağlı olub.