SƏNAYE

17 May

SOCAR Ukraynada "Premium" yanacağının satışını müvəqqəti dayandırıb

SOCAR brendi altında Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri (YDM) “Premium” sinfinə aid yanacağın satışını müvəqqəti olaraq dayandırıb.

Bu barədə Ukrayna mətbuatı “SOCAR Energy Ukraine” şirkətinə (SOCAR-ın Ukraynadakı törəmə şirkəti) istinadən xəbər verir.

Məlumata görə, bu tədbirlər Ukraynanın Nazirlər Kabinetinin pandemiya dövründə YDM-lərdə satılan benzin və dizel yanacağının qiymətinə tətbiq etdiyi əlavə məbləğə məhdudiyyətin qoyulmasına dair qəbul etdiyi qərarla əlaqələndirilir.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən,şirkət tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq əsas yanacaq növlərinin qiymətlərinə düzəlişlər edib.

“Eyni zamanda, şirkət tənzimləyicidən əlavə açıqlamaların alınmasınadək “Premium” yanacağının (“NANO 95”, “Diesel Nano Extro”) satışını və müştərilərüçün əlavə endirimlərin hesablanmasını müvəqqəti dayandırmaq məcburiyyətində qalır”, - şirkətin məlumatında deyilir.

Qeyd edək ki, analoji məhdudiyyətlər YDM şəbəkələri olan WOG və OKKO şirkətləri tərəfindən də tətbiq olunub.

(c)APA