2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qalıb.
Fins.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayımlayıb.
Məlumata görə, SOCAR da bu ümumi prosesdən müəyyən dərəcədə təsirləndi. Şirkət OPEC+ razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaltdı. Tətbiq edilən məhdudiyyətlər il ərzində neft və qaz qiymətlərində qlobal artımla nəticələndi. SOCAR həm razılaşma çərçivəsində, həm də xərclərin optimallaşdırılması məqsədi ilə görülmüş digər tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail oldu. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapır.
Məlumatda bildirilir ki, 2020-ci ildə SOCAR üzrə 56 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Şirkət müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton neft, 7,3 milyard kubmetr qaz hasil edib. Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə qaz hasilatı təqribən 4% artaraq, 37,1 milyard kubmetrə çatıb. Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub.
Müəllif: Aynur Qəniyeva