Bakı, 14 yanvar Fins.az
Şəki və insanları özünün maraqlı lətifələri, xoş əhval-ruhiyyəsi ilə hər zaman regionlarımız arasında seçilib. Şəki deyiləndə ilk ağla gələn də elə duzlu-məzəli zarafatlar, gülməli lətifələr olur. Həmsöhbətimiz Bayram usta bəlkə də ilk şəkili müsahibimizdir ki, üzümüzü güldürmədi.
Görünür, ölkəmizin son aylarda yaşadığı müharibə, şəhidlərimizin xatirəsinə olan sayğı onun da əhval-ruhiyyəsindən yan keçməyib. Lakin Bayram usta özünün sənətkar həyatı haqda bizə ətraflı məlumat verməkdən çəkinmədi. Yaşadığı Qoxmuq kəndi Kiş çayının sahilində yerləşir. Nə qədər səfalı yerlərdə yaşasa da, həyatın çətinlikləri onu ağır işlərə əl atmağa vadar edib. Gənc yaşlarından inşaatda çalışmağa başlayıb. Nə az, nə çox 30 ildir bənna işləyir. Sənəti tanış ustaların yanında öyrənib. Əvvəlcə bir müddət Rusiyada işləyib, oradan qayıtdıqdan sonra isə sərbəst işləməyə başlayıb.
“İş sarıdan korluq olmur” deyən B.Bayramovun sözlərinə görə, hazırda karantin olduğu üçün işə çıxa bilmirlər: “İki usta, iki fəhlə işləyirik. Evi hörür, damını vurur, suvağını vurur çıxırıq. Karantin başlamamışdan əvvəl bir ev götürmüşdük, onun bünövrəsini qoymuşduq, qərar verildi, qaldı hələ ki. Bilirsiniz ki, Şəkidə əvvəldən sərt karantin tətbiq olunub. Şükür, mən özüm tutmamışam, amma deyilənə görə, rayonumuzda koronavirus çox yayılıb. Allah qorusun xalqımızı, təki salamatçılıq olsun. İş də, dolanışıq da can sağlığına bağlı olan məsələdir”. Həmsöhbətimiz bildirir ki, ümumi götürdükdə, Şəkidə tikinti sahəsində işlər boldur, karantin bitdikdən sonra isə lap çoxalacaq.
B.Bayramovun iki qızı, bir oğlu var. Oğlu şirniyyatçı işləyir: “Bu sənəti oğlum özü seçib. Yaxşı Şəki halvası bişirə bilir”.
“Qarabağda aparılacaq tikinti-bərpa işlərində iştirak edəcəksinizmi?” sualına isə “Böyük məmnuniyyətlə” cavabını verdi.
Qeyd edək ki, Norm Ustalar Klubu 2016-cı ildən etibarən fəaliyyət göstərir. Klub inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.