SƏNAYE

07 Yanvar

Pərviz Şahbazov: Qarabağda enerji infrastrukturunun bərpası üzrə işlərə başlanılıb

Bakı 7 Yanvar Fins.az

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpasına başlayıb.

Fins.az xəbər verir ki, bunu Energetika Naziri Pərviz Şahbazov  yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

“Həmin vəzifələrin icrası üçün, ilk növbədə, enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir. Artıq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ətraf rayonlarda zədələnmiş energetika obyektləri bərpa edilib, Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində həyati vacib obyektlər, Cəbrayıl rayonunda sərhəd zastavaları elektrik enerjisi ilə təmin olunub. Bununla yanaşı, paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilir. “Azərenerji” ASC-nin tədbirlər planına əsasən may ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq. Bu məqsədlə yüksək gərginlikli əlavə xətt çəkilir, həmçinin yarımstansiyanın gücü qaldırılır”, – deyə nazir Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

O vurğulayıb ki, Şuşa şəhərinə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. “Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq”, – deyə P.Şahbazov vurğulayıb.

O əlavə edib ki, bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqramda SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur.