SƏNAYE

23 Dekabr

SOCAR-ın təşkilatçılığı ilə Enerji Xartiyasının 44-cü Sənaye Məsləhət Paneli

Bakı 23 dekabr Fins.az

2020-ci il dekabrın 21-də SOCAR-ın təşkilatçılığı ilə Enerji Xartiyasının 44-cü Sənaye Məsləhət Paneli (IAP) keçirilib.

Fins.az xəbər verir ki, videokonfrans formatında keçirilmiş tədbirdə Enerji Xartiyası Baş katibi Dr. Urban Rusnák daxil olmaqla yüksək səviyyəli nümayəndələr, həmçinin bir sıra enerji şirkətlərinin, birliklərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

“Keçid yanacağı kimi təbii qazın rolu” mövzüsuna həsr olunmuş paneldə Enerji Xartiyasının baş katibi Urban Rusnák, “SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR Prezidentinin müşaviri Murad Heydərov və IAP sədri, Dow Europe GmbH, Korporativ Baş İqtisadçı və Strateji Direktoru Rafael Cayuela açılış nitqi ilə çıxış ediblər.

Enerji Xartiyası Katibliyi tərəfindən Enerji İnvestisiya Riskinin Qiymətləndirilməsi (EIRA) mövzusunda təqdimatda 2020-ci ilin hesabatı barədə ətraflı məlumat verilib.

SOCAR və Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndələri isə SOCAR-ın enerji keçidi, Cənub Qaz Dəhlizi ilə qaz və hidrogen tranziti imkanları və perspektivləri, habelə EXM-nin müasirləşdirilməsi prosesi barədə təqdimatlarla çıxış ediblər.

Enerji Xartiyasının Baş Katibi Urban və Dow Europe GmbH, Korporativ Baş İqtisadçı və Strateji Direktoru Rafael Cayuela Rafael “COVID-19” pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, tədbirə ev sahibliyi etdiyinə görə SOCAR-a öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Enerji Xartiyası Müqaviləsi 1994-cü ilin dekabrında imzalanıb, 1998-ci ildən qüvvəyə minib. Müqavilə bu günə kimi 55 dövlət, Avropa Birliyi və Euratom tərəfindən imzalanıb. Saziş 1991-ci ildə Avropa Enerji Xartiyası əsasında hazırlanıb. Enerji Xartiyası Müqaviləsinin əsas məqsədi vahid qaydaların yaradılması yolu ilə energetika sahəsində hüquqi normaların gücləndirilməsinə, iştirakçı hökumətlər tərəfindən bu qaydalara riayət edilməsinə və energetika sahəsində investisiya və ticarət ilə bağlı risklərin minimuma endirilməsinə nail olmaqdır. Azərbaycanın  17   dekabr  1994-cü   ildə   imzaladığı Enerji   Xartiyası   Müqaviləsi ölkəmizdə 16 aprel 1998-ci ildən qüvvədədir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb. 2020-ci ildə Enerji Xartiyası Konfransına Azərbaycanın sədrlik etməsi barədə qərar 2018-ci ildə qəbul olunub.