SƏNAYE

18 Dekabr

İşim ağır da olsa, şərəfli işdir – usta ilə söhbət

Bakı 18 dekabr Fins.az

“Məktəbi bitirən kimi tikinti sahəsində işləməyə başladım. Təxminən 30 ilə yaxındır bu işlə məşğulam”. Bu dəfəki həmsöhbətimiz Samuxdan olan usta Salman Mustafayevdir. “Hamı oxuyub diplom alası olsa bu xalqın bənnası, ustası, fəhləsi kim olacaqdı?!” deyir.

Orta məktəbi bitirəndən sonra özünü inşaat sahəsində görən həmsöhbətimiz “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” prinsipini özünə həyat devizi götürüb. Özünün dediyinə görə, elə o vaxtdan qardaşının yanında işləməyə başlayıb: “Əsasən hörgü işindəyəm, amma tikintinin bütün sahələrində işi bacarıram. Sadəcə olaraq, ən yaxşı bacardığım işi daha çox görməyə üstünlük verirəm. Yaxşı mozaika da yığa bilirəm, rəngli daşlarla işləyirəm. Tək öz rayonumuzda deyil, başqa digər rayonlarda da iş olanda götürüb işləyirəm. Gəncədə, Goranboyda işləmişəm”.

Sentyabrın 27-dən başlanan müharibə ilə əlaqədar işlər bir qədər səngisə də, artıq yenidən tikinti sahəsində canlanma hiss edilir. “İşim ağır da olsa, şərəfli işdir, öz halal qazancımla dolanıram, kimsəyə möhtac deyiləm” deyən S.Mustafayevin sözlərinə görə, Samuxda insanların zövqləri müxtəlifdir: “Sifarişlər müxtəlif cür olur, hamısının da öhdəsindən gələ bilirəm, şükür. Ömrümün sonuna qədər bu sahədə işləmək istəyirəm. Bu yaşdan sonra gedib başqa peşə öyrənmək çətin olar. Həm də mən işimi sevirəm. Zarafat deyil, 30 ildir tikib-yaradıram, başqa hansı sahədə belə zövqlə işləyə bilərəm ki?!”

İndiyə qədər gördüyü heç bir işə görə narazılıq eşitməyib. Hər zaman işini təhvil verəndə təşəkkür eşidib. Norm Ustalar Klubunun Samuxdakı səfiri olan həmsöhbətimiz bildirir ki, bu layihədə təmsil olunmasından məmnundur: “Maraqlı insanlar tanımışam, üstəlik, bu layihənin sayəsindədə irəli getmək imkanları var”.

Salman ustanın övladları ali təhsil alıblar. Qızı müəllimədir, oğlu ticarət sahəsində fəaliyyət göstərir. Hazırda ön cəbhədədir. Müharibə başlayandan könüllü olaraq döyüşlərə qoşulub. O da digər hərbçilər kimi hansı bölgədə olduğunu deməyib. S.Mustafayev digər həmkarları kimi işğaldan azad edilən torpaqlarda aparılacaq tikinti işlərində canla-başla işləməyə hazırdır: “Yəqin ki, biz də Norm Ustalar Klubunun tərkibində o işlərə öz töhfəmizi verəcəyik. Necə ki, bir çox yaxşı işlərdə birgə iştirak edirik”.
Qeyd edək ki, Norm Ustalar Klubu Norm şirkətinin nəzdində 2016-cı ildən etibarən yaradılıb. Klubun hazırda 5500 üzvü var. Fəaliyyət müddəti boyunca Respublikanın müxtəlif şəhər və rayonlarında həm təcrübəli, həm də bu peşəyə yeni yiyələnməkdə olan ustalara şirkətin texniki dəstək heyətinin iştirakı ilə maarifləndirici təlimlər təşkil edilib.