SƏNAYE

15 Dekabr

SOCAR-da boşdayanma ilə bağlı işçiləri narahat edən məsələlər müzakirə olunub

Bakı 15 dekabr   Fins.az

Fins.az xəbər verir ki, COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər fonunda qlobal neft bazarında tələb-təklif balansının pozulmasının qarşısını almaq məqsədilə 2020-ci ilin aprelində OPEC+ çərçivəsində neft hasilatının azaldılması haqqında qəbul olunmuş qərar çərçivəsində Azərbaycan tərəfindən götürülmüş öhdəliklər SOCAR-da bir sıra islahatlar və optimallaşdırma tədbirlərinin həyata keçirilməsini zərurətə çevirir. Məlum olduğu kimi, hasilatın azaldılması əsasən qazma işlərinin həcminə və qurudakı hasilata təsir etmiş və həmin sahələrdə müəyyən boşdayanmalara səbəb olub.
Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunmuşdur., SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əmək haqqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır. Şirkətin boşdayanmaya məruz qalmış işçilərinə gələcəkdə dayanıqlı iş şəraiti yaradılması məqsədi ilə onların səriştə və bacarıqlarının yenidən qiymətləndirilməsi, daha potensiallı işçilərin seçilməsi və onların daha böyük hədəflər üçün hazırlanması, digər işçilərin qiymətləndirmənin nəticələrinə uyğun mövcud iş yerlərində yerləşdirilməsi, aşağı nəticə göstərən işçilərin isə şirkətin hesabına keçirilən təlimlərə cəlb olunmaları,  peşəkarlıq bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, ixtisasartırma və yeni ixtisasa yiyələnmə istiqamətlərində müvafiq tədbirlər görülür.
       Şirkətdaxili optimallaşdırma tədbirlərinin, perspektivlərin müzakirə edilməsi,  işçilər arasında maarifləndirmənin həyata   keçirilməsi məqsədilə 2020-ci il dekabrın 11-də SOCAR-ın İnsan Resursları Departamenti, İqtisadiyyat və Uçot İdarəsi, Hüquq İdarəsi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı  Respublika Komitəsi və “Azneft” İB rəhbərliyinin iştirakı ilə “Siyəzənneft” NQÇİ-nin kollektivi ilə onlayn görüş keçirilmişdir. İki saatdan çox davam edən görüş zamanı işçilərin fikirləri dinlənilmiş və hazırkı şəraitdə boşdayanmaların və sərbəstləşmənin labüd olduğu bildirilmiş, SOCAR-da bu problemin işçilərdə yeni səriştə və qabiliyyətlərin formalaşdırılması, onların hazırkı tələbata uyğun olaraq, müvafiq fərqli fəaliyyət sahələrinə yönləndirilməsi vasitəsilə həll edildiyinə dair izahat verilmişdir. Qeyd olunmuşdur ki, görülən tədbirər qüvvədə olan qanunvericiliyin, o cümlədən Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir və rəsmiləşdirilir. İşçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi şəffaf və ədalətli şəkildə həyata keçirilir, proqram iştirakçılarına şirkət daxilində mövcud olan və yaranacaq vakansiyaları tutmaq üçün bərabər imkanlar yaradılır. Qiymətləndirmə və testləşdirmədə daha aşağı nəticə göstərən işçilərin müəyyən bir qisminin xüsusi proqrama cəlb olunması nəzərdən keçirilir. Proqramda olan işçilərə bütün imtiyazlar saxlanılmaqla yanaşı orta aylıq əmək haqqının 50%-i, boşdayanmada olanlara isə qanunvericiliyin tələblərinə uyğun  ödəniş edilməklə müvafiq təlimlərə cəlb edilmələri nəzərdə tutulmuşdur. Bütün sosial paketlərdən, həmçinin sığorta imkanlarından istifadə edə biləcək bu işçilər üçün SOCAR-ın digər sturukturlarında yeni yaranacaq vakansiyalar üzrə iş yerlərinın axtarılması və onların işlə təmin edilməsi də diqqət mərkəzində saxlanılacaqdır. 
      Görüşdə optimallaşdırma və   qiymətləndirmə tədbirləri, boşdayanma halları ilə bağlı təklif olunan xüsusi proqramlar barədə “Siyəzənneft” NQÇİ işçilərinin fikir, təklif və iradları dinlənilmiş, rəhbər şəxslər onların suallarını cavablandırmışlar.