SƏNAYE

23 Noyabr

Bakı-Supsa kəməri ilə neftin nəqli 13% artıb

Bakı, 23 noyabr Fins.az

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Supsa Qərb İxrac Boru Kəməri (QİBK) ilə 3 069 min ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında bu kəmər vasitəsilə 2 716 min ton neft nəql edilib.

Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

Uzunluğu 833 km olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilib. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanıb və 1999-cu ilin martınadək davam edib. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib.

QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 mln. bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 mln. barelədəkdir.