SƏNAYE

20 Noyabr

Pərviz Şahbazov Pakistan səfiri ilə enerji sahəsində əməkdaşlıq haqqında Sazişdən irəli gələn məsələləri müzakirə edib

Bakı, 20 noyabr Fins.az

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.

Fins.az xəbər verir ki,səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək, ona uğurlar arzulayan nazir, Azərbaycan və Pakistan arasındakı möhkəm dostluq münasibətlərini qeyd edib, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və haqlı mübarizəsini dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında Pakistanın verdiyi mühüm siyasi, mənəvi dəstəyə və qəti mövqeyinə görə təşəkkürünü bildirib.

Səfir Bilal Haye öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə  münasibətilə təbrik edib, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib. Səfir hərbi əməliyyatların dayandırılması barədə tərəflər arasında imzalanmış bəyanatı alqışladığını, bu sənədin bölgədə sabitliyə və inkişafa yol açacağına inamını vurğulayıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişdən irəli gələn məsələlər nəzərdən keçirilib, enerji sektorunda investisiya imkanları və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.