SƏNAYE

12 Noyabr

Azərbaycan 2024-cü ildə qaz hasilatını 50 mlrd. kubmetrə çatdıracaq

Bakı, 11 noyabr Fins.az

Azərbaycanda bu il 38 mlrd. kubmetr həcmində proqnozlaşdırılan qaz hasilatının 2024-cü ildə təxminən 50 mlrd. kubmetrə çatacağı gözlənilir.

Energetika Nazirliyindən fins.az-a verilən məlumata görə, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) "COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri" mövzusunda keçirilən Nazirlərin Dəyirmi Masasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin resurs mənbəyi olan "Şahdəniz" yatağından illik hasilatın bu il 19 mlrd. kubmetr, 2024-cü ildə isə 27 mlrd. kubmetrə qədər artacağı proqnozlaşdırılır.

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin tamamlanması ilə Gürcüstan və Türkiyə bazarlarından sonra Azərbaycan təbii qazı ilk dəfə olaraq Avropa bazarına daxil olacaq. 16 mlrd. kubmetr qazın Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropanın istehlakçılarına çatdırılmasının  artıq gerçəyə çevrildiyi, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərinin gələcəkdə əlavə qaz həcmlərinin nəqlini təmin edə biləcək genişlənmə potensialına malik olduğu, cari ilin on ayı ərzində Türkiyəyə qaz ixracının 20% artdığını P. Şahbazov diqqətə çatdırılıb.

Nazir çıxışında, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Azərbaycanın 30 illik münaqişəyə son qoyan tarixi qələbəsinə toxunub, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasını təmin edən bu möhtəşəm qələbənin qaz təchizatı, enerji təhlükəsizliyi, o  cümlədən  regional təhlükəsizliyin də möhkəm qarantı olacağını qeyd edib.