İstehsal müəssisəsinin modernləşdirilməsi, istehsal gücünün artırılması, habelə istehsalın optimallaşdırılması və rəqabətə davamlı məhsul istehsalına nail olmaq məqsədilə müvafiq strategiya və fəaliyyət planının hazırlanması çərçivəsində “ASK Şüşə” MMC-də birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb.
Fins.az xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası”nın yaydığı məlumata görə, nəticədə müəssisənin istehsal gücü ildə 80-85 milyon şüşə tara həcmində artırılıb və istehsal olunmuş hazır məhsulun həcmi 2019-cu ildə 37 milyon 850 min ədəd olduğu halda, cari ilin 10 ayında iki xətt üzrə 55 milyon 710 min ədəd şüşə tara təşkil edib və 2020-ci ilin sonunadək 66 milyon ədəd olması gözlənilir.
İxrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə “ASK Şüşə” MMC ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa imza ataraq, Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb. Müəssisə cari il üçün həmin şirkətə 1 milyon 600 min ədəd şüşə tara ixrac edib. Hazırda müəssisə tərəfindən keyfiyyətin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məhsul istehsalında texniki nəzarətin daha da təkmilləşdirilməsi məqsədilə Almaniyadan keyfiyyətə nəzarət aparatı alınıb ki, bu da daha böyük həcmli şüşə tara istehsalına imkan yaradacaqdır.